• Noyabr 11, 2022
  • 112

11 noyabr 2022-ci il tarixində Bakı şəhərində “Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Azərbaycanda Milli Erasmus+ ofisi, Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurası, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP), Avropa Həmrəylik Korpusu və Erasmus+ Gənclik üzrə Azərbaycanda Məlumat Mərkəzinin tərəfdaşlığı ilə “Erasmus Village” layihəsi baş tutub. Layihənin açılış mərasimində birliyin sədri Əli Tağıyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Toğrul Məmmədli, Azərbaycanda “Horizon Europe” proqramının milli əlaqələndiricisi İlham Hümbətov, Milli Erasmus+ ofisinin rəhbəri Pərviz Bağırov, AHK və Erasmus+ üzrə rəsmi məlumat mərkəzinin direktoru Ramiz Əliyev spiker qismində çıxış ediblər. Spikerlər Erasmus+ proqramının Azərbaycan vətəndaşları üçün təklif etdiyi imkanlardan söz açıb, proqramın insan kapitalının inkişafında önəmli rol oynadığını qeyd edib, layihənin bu istiqamətdə verəcəyi faydaları vurğulayaraq fəaliyyətinə uğurlar arzu ediblər. Tədbir xaricdə təhsil üzrə dövlət və beynəlxalq proqramlar haqqında sessiyalarla davam edib. Bu hissədə tədbir iştirakçılarına dövlət və müxtəlif beynəlxalq proqramlardan tərəfindən maliyyələşdirilən proqramlar haqqında ətraflı məlumat verilmişdir. Növbəti sessiyalarda Avropa Həmrəylik Korpusu (European Solidarity Corps), Erasmus+Gənclik (Erasmus+Youth), Erasmus Mundus Birgə Magistr proqramı (EMJMD) daxil olmaqla müxtəlif beynəlxalq proqramların dəstəyi ilə xaricdə təhsil, könüllülük və mübadilə proqramlarında iştirak imkanları, müraciət prosesi, qəbul şərtləri olmaqla iştirakçıları maraqlandıran bütün təfərrüatlar haqqında iştirakçılara təqdimatlar edilib və mövcud suallar cavablandırılıb. Həmçinin sözügedən proqramlardan məzun olmuş gənclər öz xaricdə təhsil, könüllülük və mübadilə təcrübələrini və hekayələrini iştirakçılarla bölüşüblər. Son olaraq effektiv CV və motivasiya məktubunun hazırlanması mövzusunda keçirilən vörkşop baş tutub. Layihəyə ictimaiyyətə açıq şəkildə təşkil olunan “Beynəlxalq təhsil və təcrübə” sərgisi ilə yekun vurulub.



Paylaş