• Oktyabr 11, 2019
  • 21
Oktyabrın 11-də Bakı Avrasiya Universitetində ERASMUS+ proqramları mövzusunda təlim keçirildi.
Tədbirin əsas məqsədi ERASMUS+ proqramının Azərbaycan universitetləri üçün verdiyi imkanlar, mövcud proqramlar (ERASMUS Mundus, HORİZON 2020, Jean Monnet) və onlara qəbul şərtləri ilə bağlı ali məktəb nümayəndələrini maarifləndirməyə, layihə yazmaq bacarıqlarının, vərdişlərinin inkişaf etdirilməsinə yönəlmişdi.
ERASMUS+ proqramının Milli ofisinin nümayəndəsi Pərviz Bağırov proqramın mahiyyətinin nazirliyin strateji hədəflərinə uyğun olmasından danışaraq qeyd etdi ki, Bolonya prosesinin əsas prinsiplərindən biri təhsilin beynəlmiləlləşməsi, Təhsil Nazirliyinin də bu hədəf çərçivəsində təhsilimizin vahid Avropa təhsil məkanına inteqrasiyasını gücləndirməsi, universitetlərimizin beynəlxalq əlaqələrinin genişləndirilməsi, eyni zamanda universitetlərin bu tip proqramlarda iştirakının artmasına nail olmaqdır. Daha spesifik məqsəd olaraq, tələbələrin mobilliyinin təmin olunması, bu tip proqramlarda iştiraklarının təmin edilməsi, eyni zamanda beynəlxalq təcrübənin kurikuluma tədbiq edilməsi bizim əsas məqsədlərimizdən biridir. Milli ERASMUS+ ofisinin nümayəndəsi Zəfər Həsənov Azərbaycanda “ERASMUS+” proqramı və Milli ERASMUS + ofisinin rolu haqqında məruzə ilə çıxış edərək, yeniliklər haqqında məlumat verdi. Qeyd etdi ki, Milli ERASMUS+ Ofisi ölkəmizdə Avropa Komissiyası, Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin (EACEA) və milli hakimiyyət orqanlarının dəstəyi ilə ERASMUS+ Proqramını həyata keçirir. Milli ERASMUS+ Ofisi (MEO) Azərbaycanda təhsil siyasətinin inkişafını, xüsusilə də ali təhsil sahəsində, həmçinin təhsilin digər səviyyələrində yaxından izləyir.
Sonra ERASMUS +çərçivəsində Ali Təhsildə Potensialın Gücləndirilməsi (CBHE) proqramının Azərbaycanda tətbiqi barədə məlumat verildi. Yaxın vaxtlarda elan ediləcək proqramlar, onların əsas istiqamətləri, müraciət qaydaları haqqında bilgilər açıqlandı. Digər universitet nümayəndələri ERASMUS + proqramında iştiraklar haqqında danışdılar.
ERASMUS +proqramı 4 milyon insana təhsil almaq, iş təcrübəsi toplamaq və xarici ölkədə könüllü fəaliyyəti ilə məşğul olmaq imkanı verir.
Tədbirə 17 Azərbaycan universitetindən nümayəndələr təmsil olunurdu.


Paylaş