• Noyabr 21, 2019
  • 393
Noyabrın 21-dən 22-dək Bakı Mühəndislik Universitetinin və Milli ERASMUS+ Azərbaycan Ofisinin təşkilatçılığı ilə Avropa İttifaqının Texniki Dəstək Missiyasının (TAM) proqramı çərçivəsində “Beynəlxalq akkreditasiyadan keçmək üçün Azərbaycan ali təhsil müəssisələrinin mövcud tədris proqramlarının təkmilləşdirilməsi” adlı ikigünlük beynəlxalq seminar keçirildi.
Seminarda Təhsil Nazirliyinin, beynəlxalq qurumların, ölkədə fəaliyyət göstərən ayrı-ayrı ali təhsil müəssisələrinin nümayəndələri iştirak etdilər.
Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru professor Havar Məmmədov vurğuladı ki, son illər Azərbaycan ali təhsil müəssisələrində yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə bir çox layihələr həyata keçirilib və uğurlu nəticələr əldə edilib. Rektor Prezident cənab İlham Əliyevin görülən işlərin davam etdirilməsi məqsədilə imzaladığı “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na da toxundu. Bildirdi ki, sənədin əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Eyni zamanda ali təhsil müəssisələrinin inkişafına dəstək verilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsi də proqramın mühüm prioritetlərindəndir. H.Məmmədov Avropa İttifaqının maliyyələşdirdiyi TAM-ın əsas məqsədinin milli və ya yerli səviyyədə mədəniyyətin idarə olunması ilə bağlı davam edən təşəbbüslərin və fəaliyyətlərin planlaşdırılmasına, həmçinin həyata keçirilməsinə kömək etmək olduğunu bildirdi. Eyni zamanda Azərbaycanın ali təhsil müəssisələrində mövcud tədris proqramlarının təkmilləşdirilməsi üçün beynəlxalq akkreditasiyadan keçməyin böyük əhəmiyyət kəsb etdiyini də vurğuladı.
Milli ERASMUS+ Azərbaycan ofisinin rəhbəri Pərviz Bağırov layihənin Azərbaycanda yaranma tarixindən və önəmindən danışdı.
Layihənin rəhbəri, BMU-nun Sənaye mühəndisliyi kafedrasının baş müəllimi Sevil İmanova TAM layihəsi çərçivəsində təşkil olunan seminar haqqında ətraflı məlumat verdi.
İspaniyalı professor, xanım Cecila Ruiz Esteban Avropa ali təhsil bölgəsində keyfiyyətin təminatı haqqında danışdı və Azərbaycan ali təhsil müəssisələrinin mövcud tədris proqramlarının təkmilləşdirilməsi üçün tövsiyələrini verdi. O, Avropa İttifaqına qoşulan universitetlər, proqramlar və universitetlərə ayrılan maliyyə yardımlarından söz açıb, müəllim və tələbələrin bu layihələrdə iştirakını müsbət qiymətləndirdi.
Çıxışlardan sonra iştirakçıların sualları cavablandırıldı.
İspaniyalı professor Cecila Ruiz Estebanın “Ali təhsil müəssisələrinin akkreditasiya standartları ilə daxili keyfiyyətin təminatı arasında uyğunluq-qarşılıqlı əlaqə” və “Milli çərçivədən beynəlxalq akkreditasiyaya” mövzularında təqdimatları dinlənildi, birgə müzakirələr aparıldı. Əməkdaşlarımız müzakirələrdə fəal iştirak etdilər.


Paylaş