• Oktyabr 04, 2019
  • 469
Oktyabrın 4-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında ERASMUS+la bağlı məlumatlandırma günü keçirildi.
Tədbirin əsas məqsədi ERASMUS+ proqramının Azərbaycan universitetləri üçün verdiyi imkanlar, mövcud proqramlar (ERASMUS Mundus, HORİZON 2020, Jean Monnet) və onlara qəbul şərtləri ilə bağlı ali məktəb nümayəndələrini məlumatlandırmaqdan ibarətdir.
Təhsil Nazirliyinin ali təhsil sektorunun müdiri Yaşar Ömərov ERASMUS+ proqramının mahiyyətinin nazirliyin strateji hədəflərinə uyğun olmasından danışaraq, diqqətə çatdırdı ki, Bolonya prosesinin əsas prinsipləri təhsilin beynəlmiləlləşməsi olduğu üçün Təhsil Nazirliyinin də bu hədəf çərçivəsində təhsilimizin vahid Avropa təhsil məkanına inteqrasiyasının gücləndirilməsi, universitetlərimizin beynəlxalq əlaqələrinin genişləndirilməsi, eyni zamanda universitetlərin bu tip proqramlarda iştirakının artmasına nail olmaqdır. Tələbələrin mobilliyinin təmin olunması, bu tip proqramlarda iştiraklarının təmin edilməsi, eyni zamanda beynəlxalq təcrübənin kullikuma tədbiq edilməsi də bizim əsas məqsədlərimizdəndir. Bu kontekstdə Təhsil Nazirliyi tərəfindən önəmli addımlar atılıb, bəzi dövlət proqramları qəbul olunub və bu istiqamətdə işlər davam etdirilir. Milli ERASMUS+ Ofisinin nümayəndəsi Pərviz Bağırov Azərbaycanda “ERASMUS+” proqramı və Milli ERASMUS+ Ofisinin rolu haqqında məruzə ilə çıxış edərək, bugünkü yenilikləri haqqında məlumat verdi.
Qeyd etdi ki, ERASMUS+ Ofisi ölkəmizdə Avropa Komissiyası, Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin (EACEA) və milli hakimiyyət orqanlarının dəstəyi ilə ERASMUS+ proqramını həyata keçirir. Milli ERASMUS+ Ofisi (MEO) Azərbaycanda təhsil siyasətinin inkişafını, xüsusilə də ali təhsil sahəsində, həmçinin təhsilin digər səviyyələrində yaxından izləyir.
Sonra ERASMUS+ çərçivəsində Ali Təhsildə Potensialın Gücləndirilməsi (CBHE) proqramının Azərbaycanda tətbiqi barədə məlumat verildi. Yaxın vaxtlarda elan ediləcək proqramlar, onların əsas istiqamətləri, müraciət qaydaları haqqında bilgilər açıqlandı. Digər universitet nümayəndələri Erasmus+ proqramında iştirakları haqqında danışdılar.
Məlumatlandırma sessiyasında ERASMUS Tələbə Şəbəkəsinin imkanları barədə məlumat verildi.
ERASMUS+ proqramı 4 milyon insana təhsil almaq, iş təcrübəsi toplamaq və xarici ölkədə könüllü fəaliyyəti ilə məşğul olmaq imkanı verir.


Paylaş